Oğlan toyu
09.04.2009 14:39
Qız toyunun səhərisi oğlan evində toy başlanır. Səhər tezdən mağarı qurub, bəzəyəndən sonra hazırlaşırlar gedib gəlini gətirsinlər. Əvvəlcə bütün minikləri bəzəyirlər. Onlara qırmızı lent, kəlağayı bağlayırlar. Saat on birdə, on ikinin yarısı yığışırlar getməyə. Gəlin gətirməyə nə bəyin, nə də anası getmir.
Qız evinin qapısında hamı minikdən düşür, təkcə bəydən başqa. Qardaşlıq gəlir qız anasının yanına ki, xala, get bəyi düşür. Qaynana gəlir sürücüyə xələt, bəyədə nəmər verib düşürür.
Həyətdə çalıb – oynayırlar. Qız gəlinlər yığışır gəlinin başına. Burada oğlan yengəsi qız yengəsinə “başbəzəyi”nin haqqını, xələt verir.
Qızın qaynı gəlinin belinə qırmızı lent bağlayır. Bunu edərkən 2 dəfə bağlayıb açır, 3-cü dəfə bağlayırlar.
Qardaşı qıza deyir. “Get qədəmin uğurlu olsun. Evimizə qonac çağıranda sənə hədiyyə alacağam”. Sonra gəlinin əlinə pul qoyub bağlayırlar. Bütün yaxın və uzaq qohumlar qızla öpüşüb görüşürlər. Nəhayət qızın atasına yol verirlər. Ata bir neçə kəlmə ilə qızına nəsihət verir və xoşbəxtlik arzulayır. Sonra onun alnından öpür. Gəlinə ana da xeyir – dua verir.
Oğlanın bacısı ucadan səsləyir; “Gəlin, gəlinimizi aparaq”. Bu vaxt qız evindən kiçik uşaq qaçıb, qapını bağlayır. Buna “qapıbasma” deyirlər. Bəy və “qardaşlıq” ona nəmər verir və qapını açırlar.
Gəlini otaqdan bəy və “qardaşlıq çıxarır”. Həyətdə oğlan evi o ki var çalıb oynayırlar.
Gəlini miniyə əyləşdirirlər. Sonra qardaşlıq və başqa bir cavan gəlib, “qız şaxını” GÖTÜRÜRLƏR. Hamı əlində şam və lampa yandırır. Qızın qabağında güzgü tuturlar.
Nəhayət hamı yola düzəlir. Fişəng atırlar, lopa yandırırlar və s. Yolda miniklər ötüşür. Təkcə gəlin miniyini heç kim ötmür.
Yolda miniklər dayanır. Biri gəlinin ayaqqabısının bir tayını götürüb, düşür qabağa, hamıdan tez çatıb, ayaqqabını qaynanaya, qayınataya göstərib deyir: “Muştuluğumu verin, gəlininiz gəlir”. Qaynınana ona xələt verir.
Hamı gəlib çatır, minikdən düçürlər. Qayınana sürücüyə xələt verib gəlini düşürür. Bəyin qardaşı oynaya – oynaya gəlib gəlinin ayağı altında qoç qurban kəsir. Qaynana qoçun qanından götürüb bəylə - gəlinin alnına sürtür. Sonra hər ikisi qoçun üstündən keçirlər.
Bişirilən ilk Fətiri ovurlar. İçinə xırda pul, düyü, qənd, konfet qoyub verirlər bəyə. O da tökür gəlinin başına.
Sonra gəlini aparırlar otağa. Gəlin oturmur. Qaynana gəlib ona xələt verir və ya nə isə alacağına boyun olur. Sonra gəlib gəlinlə görüşür və ona xələt verirlər. Buna “boygördüsü”də deyirlər. Bundan sonra hamı əyləşir. Həyətdə də toy başlayır.
Axşamüstü saat altıda, altının yarısında qız evindən oğlan toyuna qohumlar gəlir. Qızın ata və anasından başqa kim istəsə gələ bilər. Bir – iki saat oturub gedirlər. Onlar gedəndən sonra “bəyin” dostları yığışırlar, “oğlan şaxına” getməyə. Cavanlar gəlir “qardaşlıq”gilə. “Oğlan şax”ında ancaq oğlanlar iştirak edirlər. Qızlar arada qulluq edirlər. “Bəylər” doyunca çalıb – oynayırlar. Nəhayət, “oğlan şax”ını götürüb, qayıdırlar bəyin evinə. Aşığın maraqlı rəvayətlərinə qulaq asırlar.
Şaxların hər ikisini bəylə gəlin dərir. Onun üstündəkilər də bəylə gəlinə çatır. Konfetləri və meyvələri isə qonum – qonşuya paylayırlar.
